20 Aprel 2021

Boğaz inəklərin sanitar-gigiyenası

6 Dekabr 2020
183
bogaz-ineklerin-sanitar-gigiyenasi

Südlük inəklərin məhsuldarlığının keyfiyyət və kəmiyyət göstəricilərini yüksəltmək, onları xəstəliklərdən qorumaq, həmçinin müxtəlif xəstəliklərə davamlı olan buzovlar almaq üçün boğaz inək və düyələrin saxlanmasında, yemləndirilməsində bir sıra kompleks baytarlıq-sanitariya tədbirlərin həyata keçirilməsi çox vacibdir. Aparılan müşahidələr nəticəsində müəyyən edilib ki, respublikamızın bəzi rayonlarında inəklərin uzun müddət, hətta doğum şöbəsinə keçirdikdən sonra da həddən artıq aşağı keyfiyyətli silosla yemləyirlər. Bunun da nəticəsində boğaz heyvanlarda bəzi maddələr mübadiləsi pozğunluğu xəstəlikləri (doğum parezi, asetonomiya), yeni doğulan buzovlarda isə həzm üzvlərinin müxtəlif xəstəliklərinin (xüsusilə dispepsiya) baş verməsi üçün şərait yaranır.
Ümumiyyətlə, boğaz heyvanların yem payının düzgün təşkil edilməsi nəticəsində, inəklərin qarşıdakı laktasiya dövründə südünü 20-30% artırması, sağlam, iri və yaşama qabiliyyətinə malik  olan balalar doğulması təmin edilmiş olur. Mütəxəssislər təklif edir ki, boğazlığın axırıncı həftəsində inəklərin yem payında şəkər-zülal nisbətinin uyğun olmasına ciddi fikir vermək lazımdır. Şəkər-zülal nisbəti 1:1,3 olduqda, boğaz heyvanlarda maddələr-mübadiləsi pozğunluğunun və yeni doğulmuş buzovlarda isə dispepsiyanın qarşısı alınır. Boğaz heyvanlara verilən qüvvəli yemlər təzə olmalı və turşuluğu 3-dən yuxarı olmamalıdır. Yemlər verilərkən (xüsusilə qüvvəli yemlər) onların tərkibində müxtəlif yad, mexaniki cisimlərin olub-olmamasına ciddi fikir vermək lazımdır.
Hazırda heyvandarlığın fermer təsərrüfatları əsasında inkişaf etdirilməsinə keçirilməsi ilə əlaqədar olaraq heyvanlar uzun müddət tövlədə bağlı halda qalmalı olurlar. Buna görə də heyvandarlıq binalarında normal mikroiqlim yaradılmasına ciddi fikir verilməlidir. Normal mikroiqlim dedikdə heyvan orqanizmində fizioloji proseslərin normal getməsini təmin edən xarici amillərin kompleksi nəzərdə tutulur ki, bu da heyvanların müxtəlif xəstəliklərə qarşı davamlı olmasına və yüksək məhsul verməsinə zəmin yaradır. Sanitar-zoogigiyenik rejimin pozulması nəticəsində boğaz heyvanlarda balasalma, zəif balalar doğulması və balaların ilk günlərdə tələf olması halları baş verir. Ona görə hər bir ferma nəzdində normal mikroiqlimə malik doğum şöbələri təşkil etmək ən vacib məsələlərdən biridir. Doğum şöbələri elə olmalıdır ki, fermada olan inək və düyələrin sayının 12-15%-ə qədəri həmin şöbədə yerləşdirilə bilsin. Doğum şöbəsi təmiz, sabit temperaturlu və kifayət qədər işıqlı olmalıdır. Bu şöbənin xüsusi ayrıca giriş qapısı olmaqla, girəcəkdə gediş-gəliş qapısı ağzında dezinfeksiyaedici maneə qoyulmalıdır. Ən təcrübəli sağıcı və malabaxanlar doğum şöbəsində heyvanlara qulluq etmək üçün ayrılırlar. Kənar şəxslərin bu şöbəyə daxil olmasına icazə verilmir. Doğum şöbəsində havanın temperaturu 12-15ºC, işıq əmsalı 1:10 – 1:15, nisbi nəmlik 70-75% olmalıdır.
Məlumdur ki, heyvandarlıq binalarında, o cümlədən doğum şöbələrində ventilyasiya sisteminin olmaması və ya pis olması, peyinin və yem qalıqlarının vaxtlı-vaxtında çıxarılmaması və s. nəticəsində müəyyən qədər zərərli qazlar (karbon qazı, ammonyak, hidrogen-sulfid və s.) əmələ gəlir. Bu qazların miqdarı normadan artıq olduqda orqanizmə çox pis təsir edir. Normada doğum şöbələrində ammonyakın yol verilə bilən miqdarı 0,026; karbon qazı 0,25; hidrogen-sulfid 0,01 faizdən artıq olmamalıdır. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, bir sıra təsərrüfatların heyvandarlıq binalarında, o cümlədən doğum şöbələrində mikroiqlimin parametrləri normaya uyğun gəlmir.
Heyvandarlığın inkişaf etdirilməsi və məhsuldarlığının artırılmasında hər bir süd-əmtəə fermasında normal mikroiqlimə malik nümunəvi doğum şöbələrinin yaradılması çox vacib şərtlərdən biridir. Ümumiyyətlə, doğum şöbəsi iki hissədən ibarət olur: birinci hissədə heyvanlar doğuma hazırlanır, xüsusi doğum otaqlarında doğur və doğumdan sonra müəyyən müddət bağlanır (15-20 gün). Bu hissə də iki bölmədən ibarət olur: heyvan doğana qədər birinci bölmədə, doğduqdan sonra  isə ikinci bölmədə saxlanır. İkinci hissədə isə yeni doğulmuş buzovlar xüsusi fərdi qəfəslərdə 15-20 gün müddətində saxlanır. Bura  profilaktoriya adlanır.
İnəkləri doğum şöbəsinə keçirməzdən əvvəl onların dırnaqları dezinfeksiya edilməli, dərisi təmizlənməli, bədənin arxa hissəsi 0,1%-li kalium-permanqanat məhlulu ilə ehmalca yuyulmalıdır, habelə quyruq, yelin ilıq sabunlu su ilə təmiz yuyulub dəsmalla qurulanmalıdır.
Doğum şöbəsində təcrübəli sağıcılardan sutkalıq növbətçilər təyin edilir. Onlar sistematiki olaraq boğaz inəklərin vəziyyətinə nəzarət edirlər. Həmin sanitar-gigiyenik işləmələr doğum ərəfəsində bir də təkrar olunmalıdır. Boğaz inəklər doğum şöbəsində olduğu müddətdə hər gün ən azı 2-3 saat gəzdirməli, doğuma 3-4 gün qalmış isə gəzinti dayandırılmalıdır.
Doğum şöbəsinə gətirilmiş boğaz inəklər xüsusi xidmət tələb etməklə, onların hər bir hərəkətinə ciddi fikir verilməlidir. Doğumdan qabaq və sonra inəklərə yüngül həzm olunan keyfiyyətli yem verilməli və onların süd vəzilərinin vəziyyətinə hərtərəfli diqqət yetirilməlidir. Belə inəklərə yaxşı olar ki, bir və ya çox illik yaxşı ot verilsin. Əgər doğum normal keçibsə, süd vəzilərinin vəziyyətində, patoloji dəyişikliklər olmayıbsa və mastit əmələ gəlmə təhlükəsi yoxdursa, onda belə inəklər 7-10 gündən sonra doğum şöbəsindən ümumi inək tövləsinə keçirilir. Beləliklə, boğaz inəklər üçün normal zoogigiyenik şəraitin yaradılması həm məhsuldarlığın artmasına, həm də sağlam və gümrah balalar alınmasına müsbət təsir göstərən vacib şərtlərdən biridir. Odur ki, heyvandarlar buna diqqət göstərməlidirlər. 
"Aqrobiznes"

CV YARAT