20 Aprel 2021

Taxılçılıqda ən vacib qulluq işləri

24 Mart 2021
134
taxilciliqda-en-vacib-qulluq-isleri

Hazırda başlıca məsələlərdən biri taxıl əkini sahələrinin hər hektarından bol məhsul yetişdirilməsinə nail olmaqdır. Bunun üçün sahələrdə aqrotexniki qaydalar vaxtında yerinə yetirilməli, əlavə gübrə verilməli, alaq otlarına qarşı mübarizə və suvarmalar aparılmalıdır. Artıq payızlıq taxıl səpini arxada qalmışdır. Taxıl səpini nə qədər optimal və aqrotexniki qaydada keçirilsə, daha bol məhsul əldə etmək olar. Bunun üçün yaz becərmələri də böyük əhəmiyyət kəsb edir. Taxıl əkən fermerlər bilməlidirlər ki, gübrələmə, suvarma, alaq otlarına və xəstəliklərə qarşı mübarizə vaxtında, düzgün və kompleks şəkildə aparılmalıdır. Məlumdur ki, payızlıq taxılın hər hektarı 25-30 sentner məhsul verdikdə torpaqdan təmiz halda 80-100 kiloqram azot, 30-40 kiloqram fosfor və 60-90 kiloqram kalium maddələri mənimsəyir. Bundan artıq məhsulun hər sentnerinə görə bitkiyə əlavə 3-4 kiloqram azot, 1-1,5 kiloqram fosfor və 2-3 kiloqram kalium maddələri vermək lazım gəlir. Bu adlarını çəkdiyimiz maddələrin müəyyən bir qismi, sözsüz ki, torpaqda təbii halda var. Onun nə qədər olduğunu hər bir sahədə aqrokimyəvi kartoqramlar əsasında və bitkilər üzərində aparılan müşahidələrlə müəyyən etmək lazımdır. Bundan sonra çatışmayan maddələr əlavə gübrələmə şəklində torpağa verilməlidir. 
Naxçıvan Muxtar Respublikasında payızlıq taxıllardan yüksək və keyfiyyətli dən və küləş məhsulu əldə etmək üçün torpaqların tipindən və sortun xüsusiyyətindən asılı olaraq hər hektara təqribi hesablamalara əsasən taxıl sahəsinə fiziki çəkidə 200-300 kiloqram azot 300-400 kiloqram fosfor və 150-200 kiloqram kalium gübrəsi verilməlidir. Bitkidə azot çatışmadıqda fosfor mənimsəmək qabiliyyəti azalır, bu da bitkilərin zəif inkişaf etməsinə səbəb olur. Fosfor və kalium çatışmadıqda böyümə və inkişaf zəifləyir. Deməli, bitkinin normal böyüyüb inkişaf etməsi, xəstəliyə və quraqlığa davamlı olması üçün gübrələmə düzgün aparılmalıdır. İlkin cücərtilər alındığı gündən dənin süd yetişməsinə kimi qida maddələri ardıcıl verilməlidir. Bu məqsədlə illik azot gübrəsi normasının 60-70 faizi erkən yazda, 30-40 faizi isə boruya çıxma fazasında verilməlidir. Fosfor və kalium gübrələri şum altına verilməlidir. Qida elementlərini taxıllar ən çox boruyaçıxma və kollanma fazalarında mənimsəyir. Azot, fosfor, kaliumun əsas hissəsi bitkiyə bu zaman daxil olur. Bitkidə fosfor və kalium çatışmadıqda böyümə və inkişaf zəifləyir, aşağı yarus yarpaqları bənövşəyi-farfor rəng alır, qıvrılır və vaxtından tez quruyur, dənin yetişməsi gecikir, keyfiyyəti pisləşir, zülal sintezi pozulur, şəkərlərin toplanmasına təsir edən bəzi fermentlərin fəaliyyəti zəifləyir, soyuğa və göbələk xəstəliklərinə davamlılıq azalır, bitkilər yatır. Son nəticədə isə yüksək məhsuldarlığa nail olunmur. Taxıl sahələrini siçanabənzər gəmiricilərdən qorumaq üçün də aqrotexniki tədbirlər aparmaq lazımdır. Gübrələrin torpağın tələbatına uyğun verilməsi bitkilərin normal böyüyüb inkişaf etməsinə şərait yaradır. Onların xəstəliklərə və quraqlığa davamlılığını artırır. Gəmiricilərə qarşı, əsasən, payız və yaz mövsümündə mübarizə aparılır. Kimyəvi mübarizə aparılmasından əvvəl sahədə onların yayılması və sıxlığı təyin olunmalıdır. Taxıl sahələrində 50 işlək yuva olduqda mübarizə aparılmalıdır. Bu məqsədlə aldadıcı yemlər hazırlanıb yuvalara qoyulur. Həmin yemlər arpa, buğda və qarğıdalı dənlərindən hazırlanır. Ən səmərəli aldadıcı yem 1 kiloqram buğda dənini 30-40 qram bitki yağında isladıb üzərinə 100-120 qram sink-fosfid zəhəri əlavə edilərək qarışdırmaqla əldə edilir. Hazırlanmış yemdən hər yuvaya 8-10 ədəd dən qoyulur və üstü örtülür. Bu yemlərin norması yuvaların sayından asılı olaraq hektara 3-4 kiloqramdır. Aldadıcı yemlər keyfiyyətini tez itirdiyi üçün onları 3-5 gündən artıq saxlamaq məsləhət görülmür. Muxtar respublikada hava şəraitindən asılı olaraq bəzən pas xəstəlikləri də müşahidə edilir. Bu xəstəliklə sirayətlənmiş bitkinin yarpaqları sarı rəngli toza oxşar kandilər əmələ gətirərək yarpaq səthini tam örtür, assimilyasiya səthini azaldaraq tənəffüsü artırır, yarpaqların vaxtından əvvəl quruyub tökülməsinə səbəb olur. Kütləvi sirayətlənmə zamanı onun vurduğu ziyan 25-30 faizindən çox olur. Pas xəstəliyinə qarşı mübarizə məqsədilə hektara 2 litr hektofermin, 2,4 litr Amin duzu, 1,5 litr Otason, 1 litr Kolvertde, 3-4 litr Topiki 25 qram Qranstar preparatı ilə 350-400 litr suda qarışdırıb istifadə edilə bilər. Göstərilmiş preparatların hər birindən istifadə edərək xəstəliklər müşahidə olunduqda çilənir. Çalışmaq lazımdır ki, bu tədbir havada temperatur 17-20 C dərəcə olduqda aparılsın. Taxılın becərilməsinin aqrotexniki tədbirləri sırasına suvarma da daxildir. Muxtar respublikada taxıl mora şırım üsulu ilə suvarılır. Şırım üsulu ilə suvarma daha məqsədəuyğundur. Çünki şırımlarla suvarma su itkisinin və torpağın yuyulmasının qarşısını alır. Havaların çox isti və yağmursuz keçdiyi muxtar respublikada taxıl sahələri erkən yazdan başlayaraq dörd dəfə suvarılmalı və suvarma əməliyyatı gübrələmə ilə uyğunlaşdırılmalıdır. Birinci suvarma martın axırında, ikinci boruyaçıxma, üçüncü sünbülləmə, dördüncü südyetişmə dövründə aparılmalıdır. Taxıl sahələrində aparılan ən vacib tədbirlərdən biri alaq otlarına qarşı kimyəvi mübarizədir. Alaq otlarının mədəni bitkilərə nisbətən torpağın dərin qatına işləyən güclü kök sistemi var. Onlar buna görə torpaqda olan su və qida ehtiyatından daha çox yararlanaraq, öz inkişafına görə həmişə mədəni bitkiləri qabaqlayır. Alaqlar sahədə sıxlıq yaratmaqla mədəni bitkiləri kölgələndirib günəş işığından məhrum edir, onların boyca kiçik qalmasına, yatmasına və nəticə etibarilə, tələf olmasına səbəb olur. Taxıl bitkiləri sahələrində yayılmış gülül, türpəng, yabanı vələmir və sair alaqları buna misal ola bilər. Taxıl zəmilərini zərərvericilərdən qorumaq üçün də kompleks aqrotexniki tədbirlər aparmaq lazımdır. Taxılın ən ciddi zərərvericisi hesab olunan ziyankar bağacıq çiçəkləmə fazasında bitkini sünbülün gövdəyə birləşdiyi yerdən zədələyir, dənin formalaşmasına və dolmasına imkan vermir. Sümürtgən böcəklər isə iyun-iyul aylarında sahələrə uçaraq taxılın dənlərini gəmirib yeyir və xeyli hissəsini yerə tökürlər. Bu kimi zərərvericilərə qarşı mübarizə məqsədilə 5 faizli Sumi-Alfa (2 litr/hektar) preparatlarından biri istifadə olunaraq 250-300 litr suya qarışdırılıb səpilir. Bol məhsulun əsas şərtlərindən biri də taxılın vaxtında və itkisiz toplanması, kombaynı işçi orqanlarının düzgün nizamlamasıdır. Ona görə də yığım texnikası biçin başlanmasınadək təmir olunub saz vəziyyətə gətirilməlidir.
Xaliq Abbasov
 

CV YARAT