21 Sentyabr 2021

Kartofun xəstəlikləri

8 Aprel 2021
541
kartofun-xestelikleri

Kartof badımcançiçəklilər fəsiləsinin Solanum cinsinə daxil olan çoxillik bitki növüdür. Əsasən, Cənubi və Mərkəzi Amerikada bitən 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda 2 növü –Çili kartofu (S. tuberosum) və And kartofu (S. andigenum) geniş yayılmışdır . Çili kartofu 3-6 gövdədən ibarət, hündürlüyü 50-80 sm olan koldur. Yarpağı təklələkvarı bölümlüdür. Kök yumrularının forması girdə, oval, uzunsov, ləti ağ, sarı, çəhrayı, qırmızı və göydür. Üzərində spiral istiqamətində 3-4 tumurcuğu olan gözcüklər yerləşir. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 1-2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və karotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində də istifadə edilir.
Kartof yumrusu bir növ gövdənin qısaldılmış və yoğunlaşmış forması sayılır. Kartof bitkisi 4-5, bəzən 6-8 gövdədən ibarət olur. Cücərmiş tumurcuqların sayı çox olduqda gövdələrin sayı da çox olur. Hər bir gövdə 3-7 stolon əmələ gətirir. Stolonun uzunluğu həmin kolun yığcam olub-olmamasını xarakterizə edir. Bitkilərin boyu 15-20 sm olduqda gövdələrin yeraltı hissəsində əmələ gələn stolonun ucunda əvvəlcə nöqtə şəkilli çox xırda yumru əmələ gəlir. Bitki inkişaf etdikcə o böyüyür və kartof yumrusunu əmələ gətirir.
Kartof bitkisi 1565-ci ildə cənubi Amerikadan İspaniyaya gətirilmiş oradan digər Avropa ölkələrinə yayılmışdır. Rusiyaya kartofu ilk dəfə 1697-ci ildə I Pyotr Hollandiyadan gətirmişdir. Azərbaycana kartofu 1829-1833-cü illərdə rus ordusu və Rusiyadan sürgün olunmuş malakanlar tərəfindən gətirilmişdir. Sovet İttifaqı illərində ən çox kartof əkini 1990-cı ildə- 23,8 min hektar sahədə aparılmış 185,2 min ton məhsul istehsal olunmuşdur.
Müstəqillik əldə olunandan sonra Azərbaycan respublikasında 1996-cı ilədək kartofun əkin sahəsi və istehsalı azalmış, sonra tədricən artmışdır. Sonrakı illərdə ən çox kartof əkini 2008-ci ildə 71,2 min hektar sahədə aparılmış 1037,3 ton məhsul istehsal edilmişdir.
Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının Reyestrində kartofun Radomışlskiy, Nevski, Sevinc, Laymdota, Ukrainskiy rozovıy, Əmiri-600, Filea, Solora, Nora, Aqriya, Laura, Marabel, Mona Liza, Spunta, Arinda, İmpala, Telman sortlarının rayonlaşdırılması göstərilmişdir. Bunlardan yalnız 3-ü Sevinc, Əmiri-600 və Telman sortları yerli sortlardır. Perspektivli sortlardan Zanra, Tatyanka, Vilya, Svitanik, Perla, Zila, Mavka, Belladona, Oqonyok, Neptun, Lileya və s. göstərmək olar.
Kartof bitkisinin becərilməsinə və məhsuldarlığın aşağı olmasının əsas səbəblərindən biri, onun xəstəlikləridir. Dünya ədəbiyyatlarından öyrənilmiş məlumatlara görə, kartof bitkisi üzərində 100-dən artıq müxtəlif mənşəli xəstəlik qeydə
alınır.
Azərbaycanda 2000-2015-ci illərdə aparılan analiz və təhlillər üzrə qeydə alınmış və təyin edilmiş xəstəliklər mənşəyinə görə 2 qrupa bölünmüşdür:
Qeyri-infeksion və ya fizioloji proseslərin funksional pozuntuluğundan, qida çatışmazlığı və ekoloji amillərin təsirindən baş verən xəstəliklər.
Parazitar, infeksion və ya müxtəlif, virus, bakteriya, mikoplazma və göbələk növləri tərəfindən törədilən xəstəliklər.
Qeyri-infeksion xəstəliklər. Kartof bitkisi üzərində qeydə alınmış, təsərrüfat əhəmiyyəti ilə seçilən və məhsul itkisi yaradan əsas qeyri-infeksion xəstəliklər aşağıdakılardır:
Şor su stresi: Quyu və qrunt suları ilə suvarılan qumsal torpaqlarda yazı isti keçən illərdə kütləvi quruma müşahidə edilir. Kolun bir hissəsi və ya bütün yaşıl hissə 2-5 gün ərzində tamamilə soluxur və quruyur. Suvarma suyunun şor olması məhsulu tamamilə məhv edir.
Yarpaq kənarlarının yanığı: Xəstəlik aran ərazilərində bataqlıq yerləri olmuş meşə zolağı torpaqlarda və kalsiumla zəngin qumsal torpaqlarda rast gəlinir. Xəstəliyin əmələ gəlməsinə səbəb kalium elementinin bitkiyə daxil ola bilməməsi, bununla da kalium çatışmazlığıdır. Kartofun yarpaqlarının kənarları və bəzən yarpaq ayasının bütün sahəsində əvvəlcə qırışlar sonradan bu hissələrdə bürünc rəngli ləkələr olan hissələrdə toxumalar məhv olur. Əvvəlcə aşağı yarus yarpaqları quruyur, sonradan quruma orta və yuxarı yaruslara keçir. Çiçəkləmədən əvvəl xəstəlik meydana gələndə, məhsul itkisi yüksək olur, çünki xəstəlik kök yumrularının əmələ gəlməsinə mane olur.
Gövdə və yarpaqların qonur ləkəliyi: Xəstəlik başlıca olaraq qumsal torpaqlarda daha geniş yayılmışdır. Xəstəliyin ilkin əlaməti aşağı yarus yarpaqlarının saralmasıdır. Sonradan qurumuş və gövdə üzərində asılı qalmış bu yarpaqlar müxtəlif saprotrofların qida mənbəyinə çevrilir. Suvarmadan sonra nəmlənmiş xəstə yarpaqlarda fakultativ parazitlər bitki üzərinə keçir. Qumsal torpaqlarda humusun zəif olması və su itkisi yumruların ölçülərinin kiçik olmasına, saxlama zamanı isə tezliklə quruyub, xarab olmasına səbəb olur. Xəstəlik şiddətləndikcə gövdənin yerüstü hissəsinin aşağı yarusunda qonur ləkəliklər dərinləşir. Gövdənin eninə kəsiyi zamanı borulaşma və gövdənin parenximasının bərkiməsi müşahidə olunur. Xəstəlik bitkinin düzgün qidalanmaması, selləmə-suvarma nəticəsində qələvi torpaq metallarının yuyulması, dəmir və alüminiumun həll olması və həddindən artıq sorulmasından əmələ gəlir.
Kalium çatışmazlığı: Başlıca olaraq qumsal və torflu torpaqlarda müşahidə edilir. Xəstəliyin əlaməti yumrularda təpə tərəfdən qeyri-konsentrik dairəvi ləkəliklərlə görünür. Sonradan bu ləkələr dərinləşərək yaralara çevrilir. Yaraların ətrafı quru çürüməyə məruz qalır. Xəstəliyə qarşı vaxtında mübarizə aparılmadıqda 45-50%-ə qədər məhsul ziyan ola bilər. Xəstəliyin əlamətləri müşahidə edilmiş yumrular toxumluq, saxlanma və uzaq məsafələrə daşınmaya cəlb olunmamalıdır. Xəstəlik müşahidə olunan torpaq və bitki analiz olunmuş və makroelementlərdən fosfor və kaliumun kəskin çatışmazlığı aşkar edilmişdir. Xəstəliyin aradan qaldırılması və sonrakı illərdə bu halla rastlaşmamaq üçün torpağa makroelementlərin (N, P, K) optimal miqdarda verilməsi başlıca tədbirlərdən sayılır.
Kalsium (Ca) çatışmazlığı: Kalsium elementi hüceyrədə gec həll olan və ya həll olmayan formada yarpaq və zoğların təpə tumurcuqlarının inkişafında başlıca əhəmiyyətə malik olan elementdir. Xəstəliyə, əsasən, qumsal torpaqlarda rast gəlinir. Torpaq strukturunun pozulması, qumsallıqda uzun sürən yağmurlar və ya selləmə suvarmadan sonra torpaq yuyulur. Mənimsənilən Ca, Mg və humusun torpağın dərin qatlarına getməsi nəticəsində kartofun yerüstü və yeraltı hissələrində qida çatışmazlığı
yaranır. Yarpaqların təpə tərəfdən əvvəlcə saralması müşahidə edilir. Yarpaqlar kənarlardan yuxarıya doğru əyilir və qayıqvari forma alır. Ca elementinin kəskin çatışmadığı sahələrdə zoğun təpə hissəsində olan yarpaqlar narıncı-qırmızı rəng, bəzən açıq-yaşıl rəng alır.
Magnezium (Mg) çatışmazlığı: Magnezium bitki yarpaqlarının xlorofil dənələrinin tərkibinə daxildir. Yaşıl kütlənin formalaşmasında yaxından iştirak edən mənimsənilən Mg2+ ionu çatmadıqda yarpaqlarda saralma müşahidə edilir. Başlıca əlamət yarpaqların nekrozu və parenximanın qonurlaşması, sonda təpə yarpaqlarının qurumasıdır. İlk əlamətlər aşağı yarus yarpaqlarda, sonradan orta yarusda müşahidə edilir. Xəstəlik qumsal və zəif gillicəli torpaqlarda müşahidə edilir. Xəstəliyin aradan qaldırılması üçün (MgSO4) maqnezium-sulfat, maqnezium-bromat, dolomit kimi maddələr torpağa verilməlidir.
Kartof yumrularının qonur ləkəliyi: Xəstəlik başlıca olaraq turş reaksiyalı torpaqlarda uzun müddət mineral gübrələrin istifadəsindən yaranır. Toxumluq kartof sahələrində, gec əkinlərində məhsul yığımı dövründə yumrularda narıncı-qonur ləkələr müşahidə olunarsa, deməli, xəstəlik mövcuddur. Əgər ləkələr yumrunun 50%-dən çox səthini əhatə etmişdirsə, belə məhsulun saxlanması və toxumluq kimi istifadəsi yararsız hesab olunur. Ona görə ki, tezliklə belə kartoflar çürüyür. Ləkəliklər kiçik ölçülü
və 25-50%-dən azdırsa, belə kartoflar tezliklə istifadə olunmalıdır. Mövcud ləkələr saxlama yerlərində qonurlaşır sonradan tamamilə qaralaraq dərinləşir. Dərinləşmiş yerlərdə quru çürümə xəstəliyi əmələ gəlir və məhsulun zay olmasına səbəb olur. Yumruların qonur-narıncı ləkəliyi həm də torpağın həddən çox rütubətli olduğu sahələrdə rast gəlinir. Suvarmanın və becərmənin düzgün aparılmadığı sahələrdə, torpağın reaksiyasının turşulaşma istiqamətində dəyişdiyi yerlərdə xəstəliyin qarşısının alınması üçün torpaq əhənglənir.
Kartof yumrularının boğulması: Xəstəliyin başlıca əlaməti yumruların özəyinin qaralmasıdır. Torpaqda yumruların yetişkənliyi dövründə havalanmanın zəif olması, həddən artıq nəmlənmiş torpağın üzünün qaysaqlaması nəticəsində kartof yumrularının oksigenlə təminatı zəifləyir və ilkin boğulma baş verir. Belə şəraitə qeyri- hiqroskopik, gillicəlli torpaqlarda daha çox təsadüf olunur. Əksər hallarda xəstəlik saxlama yerlərində və uzaq məsafələrə uzun müddətdə (10 gündən artıq) daşınma zamanı normal havalanma şəraitinin olmamasından əmələ gəlir. Temperaturun yüksəlməsi və tənəffüsün pozulması sağlam yumrularda özəyin qaralması ilə müşayiət olunur. Boğulmuş kartof tez bir zamanda (4-5 günə) çürüyərək sıradan çıxır. Xəstəliyin qarşısını almaq üçün yumruların şişmə dövründə torpağın həddən çox suvarılmasına yol verilməməlidir. Kartofun saxlama yerlərində və daşıyıcı nəqliyyat vasitələrində saxlama və daşınma qaydalarına əməl olunmalıdır. Kameralarda havalandırma sistemi standartlara uyğun olmadıqda, saxlama və daşınma zamanı temperatur həddi normada olmadıqda məhsul itkisi daha çox olur.
İnfeksion xəstəliklər. Kartof müxtəlif törədicilər (virus, mikoplazma, aktinomiset, göbələk) tərəfindən 60-dan artıq xəstəliyə məruz qalır. Bu xəstəliklərin növ tərkibi ildən-ilə çoxalır və patogenlərin hücumuna məruz qalır. Qeyd olunan xəstəlik törədicilərinin Azərbaycanda yayılan və iqtisadi-təsərrüfatçılıq baxımından ziyan gətirən növləri aşağıdakılardır.
Virus xəstəlikləri: Təbiətdə ən çox virus xəstəliklərinə məruz qalan bitkilərdən biri kartofdur. Kartof üzərində qeyd olunan virus xəstəliklərinin sayı 42-dən artıqdır. Bəzi aqressiv növlərin təsirindən kartof 10%-dən 40%-ə qədər məhsul itkisinə məruz qalır. Virusların kartof bitkisində əksər əlamətləri eybəcərlik yaratmaqla təzahür edir. Xəstə bitkilərdə yarpaq, gövdə və yumrularında deformasiyalar, qırışlanma, inkişafdan qalma, nekrozluq (rəngsizləşmə), alabəzəklik, kollanma və eybəcərlik əlamətləri müşahidə olunur. Azərbaycanda kartofda qeydə alınmış və müxtəlif bölgələrdə yayılan əsas virus xəstəlikləri aşağıdakılardır: 1. Qırışlı mozaika - Potato virus A.; 2. Zolaqlı mozaika - Potato virus Y.; 3. Yarpaq qıvrılması - Potato leafroll virus.
Qırışlı mozaika yaradan Potato virus A: Bütün kartof becərilən bölgələrdə rast gəlinən ən geniş yayılan virus xəstəliyidir. 1998-2014-cü illərdə Azəbaycanda aparılmış müşahidələr zamanı xəstəliyin yayılması öyrənilmişdir. İqlimi isti keçən Kür-Araz ovalığı və Cəlilabad bölgələrində xəstəlik daha şiddətlə (38-72%) yayılır. Yüksək yayılma müşahidə olunan əkin sahələrində kartofun məhsuldarlığı 35-68% azalır.
Xəstəlik əvvəlcə kartof kollarında təpə hissələrdə yarpaqların qırışlanması, damarlar ətrafında olan parenximanın yarpaq üzərinə doğru eybəcər formada qabarması və deformasiyası şəklində meydana çıxır. Bu hissələrdə yarpaq və budaqlar inkişafdan qalır. Quru və isti hava şəraitində yoluxmuş yarpaqlarda qırışlı hissələrin damarları və ətraf hissələr nekrozlaşır. Əvvəlcə açıq-yaşıl, sonradan açıq sarımtıl-yaşıl, nəhayət tamamilə saralma, quruma ilə müşayiət olunur. Kartofda vaxtından əvvəl zəif yumrular əmələ gəlir, çiçəkləmə zəif olur və ya tamamilə çiçək açmır. Yaşıl kütlə öz inkişafını tez başa vurur və yumrular kiçik ölçülü, eybəcər formada və tam formalaşmamış olur. Xəstəlik badımcançiçəklilərin başqa növlərindən badımcan, yabanı quşüzümü bitkilərində müşahidə edilir. Pomidor bitkisinə daha çox ziyan vurur. Örtülü və açıq şəraitdə becərilən pomidor bitkisində məhsul itkisi 25-62%-ə qədər olur. Xəstəliyin aralıq keçiriciləri və yayılmasını sürətləndirən sorucu ağız aparatına malik olan zərərvericilər istixana ağqanadlısı, müxtəlif yastıcalar və mənənələrdir. Qırışlı mozaika xəstəliyinin toxumla yayılması aşkar edilməmişdir.
Zolaqlı mozaika yaradan Potato virus Y: Zolaqlı mozaika şiddətli xəstəlik olmaqla, kartofun və pomidorun məhsuldarlığının kəskin azalmasına səbəb olur. Çiçəkləməyə az qalmış və çiçəkləmədən sonra yarpaq saplaqlarında və budaqlarında qonur rəngli kiçik xətlər əmələ gəlir. Bu xəttlər 5-10 gün ərzində daha da uzanaraq bütün kolu və budaqları bürüyür, orta və aşağı yarus yarpaqları soluxur və quruyur. Yuxarı yarusun təpə yarpaqları isə qırışlı, zəif inkişaf etməklə inkişafdan qalır. Virus, mənənələr (Myzus persicae, Aphis fabae, A.gossypii, A.nasturtii), tripslər mexaniki zədə yerlərindən keçərək yayılır. Yumruların daxilində qışlayır. Zolaqlı mozaika xəstəliyini müxtəlif virulentliyi ilə seçilən Y viruslar törədir. Bəzən bu ştammlar arasında baş verən qarşılıqlı interferensiya yeni zəif və ya güclü ştammların yaranması ilə nəticələnir. Bəzi təsərrüfatlarda xəstəliyin 1-ci il yayıldığı vaxtlarda kolların bir hissəsindən dolğun yumrular alınır. Belə hallar aldadıcı olmamalı və həmin sahədən toxumluq tədarük edilməməlidir.
Yarpaq qıvrılması yaradan Potato leafroll virus: Xəstəliyin başlıca əlaməti  yerüstü hissədə ilkin olaraq üst yarus yarpaqların kənarlarının yuxarıya doğru qalxmasıdır. Bu əlamət tədricən aşağı yarus yarpaqlarına keçir. Yarpaq saplağı və gövdələrin qabığının qalınlaşması, floema qatının sərtləşməsi müşahidə edilir. Xəstəlik törədicisi kartof yumruları ilə növbəti ilə keçir. Vegetasiya dövründə isə mənənələrlə yayılır. Xəstəlik yumrularla 2-ci və 3-cü ilə keçdikdə ixtisaslaşma patogen bitkinin yerüstü hissəsində aşağı yarus yarpaqlarının qıvrılmasına və sonradan bu əlamətin yuxarıya doğru inkişaf etməsi ilə müşahidə olunur. Xəstə kartof yarpaqları sarımtıl, bənövşəyi, qırmızımtıl bəzən isə narıncı rənglərə çalır. Kövrəkləşmiş yarpaqlar inkişafdan qalır. Yumruların əmələ gəlməsi zəifləyir. Güclü yayılma illərində kartofun məhsuldarlığı 25-70%-ə qədər aşağı düşür, yumrularda nişastanın miqdarı kəskin azalır. Xəstə yumruların cücərməsi gecikir, cücərtilər sapvari formada olur və tez bir zamanda sıradan çıxır. Xəstəliyin əlamətləri yüksək temperaturda və rütubətin aşağı olduğu şəraitdə güclənir.
Bakterial xəstəliklər. Bakterial həlqəvi çürümə: Xəstəlik yarpaq, budaq və yumruları sirayətləndirir.
Xəstəliyə ilkin yoluxma zamanı yarpaq damarlarının arası sarımtıl rəng alır. Yuxarı yarus yarpaqları müntəzəm olaraq saralır. Aşağı yarus yarpaqları uc hissədən başlayaraq saralır. Budaqlara keçən soluxma sonradan aşağı yarusu tamamilə qaraldaraq torpağa yatırır. Xəstəliyin inkişafı uzun müddət çəkdiyindən onu bəzən vertisillioz və ya fuzarioz soluxması ilə səhv salırlar. Aşağı yarus yarpaqların soluxaraq qaralıb yerə yatması yerüstü hissədə xəstəliyin spesifik əlamətidir. Xəstəliyin başlıca yayılma mənbəyi və daşıyıcısı yumrulardır. Patogen bitki qalıqlarında yaşayır, lakin uzun müddət torpaqda yaşaya bilmir. Xəstəlik törədicisi yerüstü hissədən yoluxaraq gövdəyə keçir və oradan yumruların qida borularına daxil olur. Xəstəliyə tutulmuş kartof yumrularının xarici görünüşündə xəstəliyin əlamətləri bəzən nəzərə çarpmır. Güclü sirayətlənmiş kartoflarda qabığın altında 1-2 sm ölçülərində, həlqəvi və ya dairəvi formada toxumaların yumşalması baş verir. Sonradan bu hissələrdə sarımtıl-boz rəngli seliyəbənzər pis qoxuya malik kütlə əmələ gəlir. Toxunduqda yumşalmış yumru partlayır və bütün məhsulu çirkləndirir. Xəstəliyin inkişafı 20-25°C temperaturda və 75-95% də daha güclü olur. Yumrular yığıldıqdan sonra daşınma və anbarlarda saxlama zamanı xəstə kartoflarda bakteriya sürətlə inkişaf edərək sarımtıl möhtəviyyatlı həlqəvi çürümə zonaları yaradır. Xəstə yumrulardan toxumluq kimi istifadə etmək olmaz. Əgər istifadə olunarsa, əkin materialının əksər hissəsi torpaqda çürüyür. Bəzən zəif sirayətlənmiş yumrularda xəstəliyin əlaməti üzdən bilinmədiyi üçün onlardan toxumluq kimi istifadə edilir. Əkilmiş belə yumruların torpaqda xeyli hissəsi çürüyür. Cücərmiş gözlərdən çıxan kollarda isə xəstəliyin əlaməti dərhal meydana çıxır və aşağı yarus yarpaqları quruyur və yatır.
Enzalə Novruzova
Naxçıvan Dövlət Universiteti

CV YARAT